Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbələrin bitməyən ev problemi yayda da davam edir, bəs çıxış yolu nədir? 

Hər il avqustun 20-dən sonra həm qiymət artımı, həm kirayə mənzil tapmaq problemi yaranır...

Yay tətili tələbələrin kirayə mənzil qayğısını bir müddətlik azaldır. Ancaq onların əksəriyyəti növbəti dərs ili gəlməmiş, bəzən hətta avqustda tətili yarımçıq qoyaraq təhsil aldıqları iri şəhərlərə axışır ki, münasib qiymətə otaq tapa bilsin.

Tələbələrin kirayə mənzil probleminin “əbədi yaralı yer” olduğunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov da Oxu.Az-a açıqlamasında qeyd edir:

“Bu, Bakı, Sumqayıt, Gəncə, ümumiyyətlə bütün böyük şəhərlərdə olan problemdir. Ən çox da Bakı şəhərindədir, çünki ən çox tələbə buradadır və qiymətlər də digər ərazilərdən daha yüksəkdir. İyun ayında tələbələr öz evlərinə qayıdır, ona görə mənzilləri boşaldıb təhvil verirlər. Hər il avqustun 20-dən sonra həm qiymət artımı, həm kirayə mənzil tapmaq problemi yaranır. Dərslər sentyabrın 15-dən başlayırsa, qiymət artımı artıq avqustun 15-20-dən qızışır.

Hətta bəzi tələbələr şəhərə avqustda qayıdır və beləliklə əlavə bir ayın kirayə puluna görə ziyana düşürlər. Sentyabrda gələn tələbələr isə həm yüksək qiymətlə qarşılaşır, həm də ümumiyyətlə ev tapa bilmirlər. Heyf ki, bu kimi problemlərdən çıxış yolu yoxdur. Çünki əmlak bazarı azaddır. Kim əmlakını neçəyə, hansı şərtlərlə kirayə verirsə, qərar özünündür. Tələbələrə mənzilləri boşaltdığı dövrdə güzəşt etmələri, az pul almaları və ya ümumiyyətlə almamaları əmlak sahiblərinin vicdanına qalır”.

Əmlakçı Mülkədar Rüstəmov isə Oxu.Az-a bildirib ki, məsələnin həlli yolu ev sahibləri ilə razılığa gəlməkdir:

“Tələbələrə məsləhət görürəm ki, ev sahibi ilə danışıb ortaq məxrəcə gəlsinlər. Tələbə, heç olmasa, çox az ödənişlə evdə yaşamadığı müddətdə ev sahibinin mənzili saxlamasını xahiş edə bilər. Məsələn, tələbə 300 manata qalırsa, yaşamadığı müddətdə bunun yarı qiymətini ödəsin, sentyabrda da qayıdıb, yenidən orada yaşasın. Bu ancaq hər iki tərəf arasında qarşılıqlı razılaşma ilə mümkündür.

Əslində, ev sahibi də kirayəçini itirmək istəməz. Yəni növbəti mövsümdə kirayəçi axtarmaq problemi olmayacaq, həmçinin aylıq gəlirsiz qalmayacaq.
Məsləhət görərdim ki, bütün tələbələr yaşadıqları mənzillərdə müqavilə ilə qalsınlar. Bu, hər iki tərəf üçün daha etibarlı olar. Həmin müqaviləyə qalmadıqları müddətlə bağlı bəndi də əlavə etsələr, məncə, heç bir problem yaranmaz. Təəssüf ki, bizdə ev sahibləri müqavilədən qaçırlar”.

M.Rüstəmov bir evdə bir neçə tələbənin qaldığı zaman müqavilənin necə imzalandığını da izah edib:

“Əsasən, tələbələrdən bir nəfəri idarəçi kimi seçirlər. Müqavilə həmin şəxslə ev sahibi arasında imzalanır. Mənzildə əlavə neçə nəfər qalacaqsa, həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surəti və mobil nömrələri müqavilədə qeyd olunur. Mənzildə yaşayanların sayı artıqda və ya azaldıqda isə müqavilədə qeyd olunur. Müqavilə - müddəti bitənə qədər etibarlıdır. Müqaviləni imzalayan tələbə evdən çıxdıqda isə şəxs başqa biri ilə əvəz olunur. Yəni digər tələbə müqaviləni imzalayır”.

Qeyd edək ki, 2022-ci ilin statistikasına görə, 44 861 nəfər tələbə ali təhsil müəssisələrinə qəbul olunub. Bu tələbələrin əksəriyyəti Bakı şəhəri üzrə təhsil alır. Lakin universitetlərin bu qədər tələbəyə ev sahibliyi etməyə gücü çatmır. Universitetlərin yataqxanalarındakı vəziyyət belədir:

Bakı Dövlət Universitetində 220 nəfərlik Tələbə Evi, Bakı Ali Neft Məktəbinin kampus binasında 500 nəfərlik Tələbə Evi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doqquzmərtəbəli yataqxanası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 240 yerlik yataqxanası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 320 nəfərlik yataqxanası, Azərbaycan Turizm və Menecment Universiteti yaxınlığında əməkdaşlıq etdikləri yataqxana, Azərbaycan Dövlət Dəniz Akademiyasının 310 nəfərlik yataqxanası, Bakı Mühəndislik Universitetinin 300 nəfərlik iki böyük yataqxanası, Azərbaycan Tibb Universitetinin 968 nəfərlik dörd yataqxanası, Bakı Slavyan Universitetinin üç korpusdan ibarət tələbə yataqxanası fəaliyyət göstərir.

Dövlət İdarəçilik Akademiyasının yataqxanası, Azərbaycan Texniki Universitetinin yataqxanası, Azərbaycan Dövlət İqtisad Universitetinin beş yataqxanası, Mədəniyyət və İncəsənət Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar. ADA Universitetinin yataqxanasında isə xarici tələbələr yerləşiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar